..



“STEM müəllimləri” kütləvi-açıq-onlayn –kurs
II Təlim Modulu
STEM əsaslı  dərs resursları ilə tanışlıq

1.Müasir müəllimin xüsusiyyətləri
2.Layihə əsaslı öyrənmə
3.STEM əsaslı dərs resursları:
          “Uçan  kəpənək”
        “Nəfəsalma maşını”
         “Sürücüsüz avtomobil”
         “Kristal yetişdirmə"


Müasir müəllimin xüsusiyyətləri

    Müəllimlərin işə qəbulu və attestasiya qaydalarına nəzər saldıqda aydın olur ki, artıq müasir müəllimdən yalnız ixtisasını yüksək səviyyədə bilmək deyil, bir çox digər qabiliyyətlər də tələb olunur.Bu qabiliyyətlər isə bir neçə mərhələdə yoxlanılır və müəllimliyə namizəd şəxsin bu vəzifə üçün uyğun olub olmadığı qiymətləndirilir. Aydındır ki, öz ixtisasını mükəmməl bilməklə yanaşı, müəllim daim öz peşəkar inkişafını diqqətdə saxlamalıdır. Müasir müəllimlər nəinki əsas pedaqoji kompetensiyalara, həm də müasir təlim texnologiyaları sahəsindəki kompetensiyalara yiyələnməlidirlər. Günümüzdə hər bir müəllimin  yiyələnməli olduğu, “ müasir müəllimin  xüsusiyyətləri” hesab olunan bir sıra  xüsusiyyətləri nəzərdən keçirək:
1. Professional inkişaf: uyğunlaşma ; müasir rəqəmsal əsrin təhsilverəni çevik dəyişən təhsil yeniliklərinə uyğunlaşmalı və öz fənnində tətbiq edə biləcəyi yenilikləri mənimsəməyə meyilli olmalıdır. Nəzərə alsaq ki, təlim standartları və gözlənilən nəticələr üzərində daim işlənilir və təkmilləşdirilir, deməli, hər bir müəllim çevik uyğunlaşma vərdişlərinə yiyələnməlidir. Adətən şagirdlər texnoloji yeniliklərlə bağlı suallarını məhz fizika, informatika, riyaziyyat  müəllimlərinə yönləndirdiklərindən, bu  müəllimlər daha tez rəqəmsal əsrin yeniliklərini ən azı məlumatlı olmaq səviyyəsində bilməli və yeniliklərə uyğunlaşmalıdır.
2. Özünə inam; hər bir müəllim etmək istədiyi təlim yenilikləri ilə bağlı nəinki özünə, şagirdlərinə və hətta müəllim həmkarlarına qarşı da  inamlı olmalıdır. Öz metodikasının üstünlüklərindən bəhs edən müəllim özünə inamlıdırsa, əmin şəkildə metodikasını tətbiq edirsə, digərlərində də inam hissi yaradır və müsbət nəticələr alır. Qavranılması çətin  hesab olunan fənn müəllimləri öz üzərlərində işləyərək, inamlı şəkildə şagirdlərə düzğün öyrənməyi öyrədə bilməlidir.
3. Ünsiyyət; şagirdlər və onların valideynləri, müəllim həmkarları ilə düzgün ünsiyyət qurmaq çox mühüm qabiliyyətdir.Pedaqoji  işin təşkilinin bir çox məqamları məhz ünsiyyət qurabilmə qabiliyyətləri üzərində qurulmuşdur. Müəllim gününün bir çox hissəsini məhz peşəsi ilə bağlı işlərə sərf etdiyindən, şagird və müəllim həmkarları ilə fikirlərini bölüşərkən  “Müəllimin etik davranış qaydaları” çərçivəsində, dəqiq və lakonik olmalıdır. Müəllimi şagirdləri ilə düzgün, səmimi ünsiyyət yarada bilərsə, şagirdlər onlara qaranlıq qalmış və ya maraqlı olan sualları öz müəllimlərinə yönləndirə biləcək. Sual-cavabın çox olduğu dərs prosesi isə müəllim və şagird ünsiyyətinin düzğün qurulduğuna bir işarədir.
4. Komanda ilə çalışmaq; müəllimin fəaliyyətini komandanın bir üzvünün fəaliyyətinə bənzətmək olar.Öz şagirdləri ilə bir komanda, qrup şəkilində fəaliyyət göstərmək, şagirdlərdə öyrənməkdən zövq almaq və öyrənməyə meyillilik yaradacaqdır. Məlumdur ki, fizika kimya, riyaziyyat, coğrafiya fənlərində məsələ həlletmə, prosesin qrafikini qurma kimi vərdişlərin yaranması müəyyən vaxt və müəllimin şagirdləri ilə birgə komanda şəklində işləməsini tələb edir. Digər müəllimlərlə real və virtual komanda, qrup və ya şəbəkə yaradaraq çalışan pedaqoqların yenilikləri öyrənmə və məmnunluq duyma imkanları daha çoxdur. Sosial şəbəkələrdə müəllimlərinin yaratdığı təhsil qrupları effektli şəkildə işlərini davam etdirir. Gənc  müəllimlərinin də bu qruplara üzv olaraq birgə fəaliyyət göstərməsi, onlara daha təcrübəli müəllimlərdən faydalanmaq imkanı vermiş olar.
5. Fasiləsiz təhsilalan; təhsil ömürboyu davam edən prosesdir. Əgər müəllimsinizsə, daim öyrənmək lazım olacaqdır. Təhsil proqramı, təlim texnologiyaları, tədris alətləri təkmilləşdikcə, müəllim fasiləsiz təhsilalan şəxsə çevrilməlidir. Fasiləsiz təhsilalmanın üstünlüklərini anlayan gənc müəllim, zaman keçdikcə səriştəli müəllimə çevriləcəkdir. Adətən texniki fənn müəllimlərinin yeni bilikləri əldəetmə, qavrama , analiz və sintez etmə qabiliyyətləri digər fənn müəllimlərinə nisbətən daha çevik olur.
6. Yaradıcı yanaşma; müəllimin istifadə edə biləcəyi ən effektli pedoqoji qabiliyyəti onun fənninə, tədris etdiyi mövzuya yaradıcı-fərqli təxəyyül və təsəvvürlə yanaşa bilməsidir. Fənninə qarşı aşağı siniflərdən marağın yaradılması, yuxarı siniflərə keçdikcə bu marağın saxlanılması üçün, müəllim hər bir mövzunun motivasiyasına, tapşırıqların qurulmasına və s. yaradıcı yanaşmalı,unikal üsullar düşünməlidir. Müasir dövrdə şagirdlərin diqqətini təhsildən yayındıran gərəksiz informasiyalar okeanında, məhz öz fənninə yaradıcı yanaşmaq yolu ilə şagirdləri müxtəlif informasiyaların təhlükəsindən uzaqlaşdırmaq olar.
7. Liderlik; yaxşı müəllim öz şagirdlərini necə istiqamətləndirmək lazım olduğunu düzgün təyin edir və o, bir mentordur. O, şagirdinə hər işdə şəxsi nümunədir. Belə müəllimlər, yalnız inkişafa həvəsləndirir və uğura doğru aparır. Özünə inamlı, özünü təkmillədirən və şagirdləri ilə rahat ünsiyyət qura bilən hər bir müəllim tezliklə şagirdləri üçün bir liderə - müsbət nümunəyə çevriləcəkdir.
8. Təşkilatçılıq; müasir dövr müəlliminin daim ehtiyyat tədbirlər planı, fənn gecələri üçün ssenariləri, nümunəvi dərslər üçün təqdimatları və s. vardır. Çünki müasir müəllim gündəlik baş verən yeniliklərə müsbət yanaşır. Öz peşəsini sevən müəllim media üçün açıq dərslərə, müsabiqələr üçün layihələrə həmişə hazırdır və bu işləri ən uyğun formada təşkil edə bilir.
9. İnnovativlik; yuxarıda sadalanan xüsusiyyətləri özündə cəmləşdirən müasir müəllim artıq innovativ müəllim hesab oluna bilər. Müasir müəllim daim yeni təhsil metodlarını öz dərslərində tətbiq etməyə hazırdır. Hətta, təklif olunmuş yenliyə öz yaradıcı yanaşmaları ilə şəxsi metodikalarının effektli olduğunu da isbat edirlər. İnternet vasitəsilə nəinki region məktəbləri, hətta ölkələrarası əlaqələr quraraq, təcrübə mübadiləsi edən müasir müəllimlər də respublikamızda az deyildir. İnnovativ olmaq yalnız yenilikləri sınamaq deyil, həm də, öz şagirdlərinin də bu prosesə cəlb edərək, onlarda da, bu vərdişlərin formalaşmasına nail olmaqdır. Rəqəmsal laboratoriya qurğularının, STEM metodikasının, Multitech və Multiscience texnologiyalarının və s. təhsil sistemimizə gətirilməsi, təbiət və texniki fənn müəllimlərinə bu istiqamətdə faydalı olan yeniliklərdəndir.
10. Məsuliyyətlilik; baxmayaraq ki, öz işinə - dərs cədvəlinə, dərs saatına, qiymətləndirmə prosesinə və s. riyaət etmək müəllim peşəsinin ənənəvi tələbidir, bu, eyni zamanda aktuallığını saxlayan  müasir xüsusiyyətdir. Müasir müəllim daim, heç bir bəhanələrə yol vermədən öz dərs otağında, öz peşəsi ilə məşğul olmalıdır. Yəni, şagird görməlidir ki, hər kəs öz cavabdeh olduğu işin məsuliyyətini daşıyır. Əgər müəllim, fizika müəllimi summativ qiymətləndirmələri edib, lakin, vaxtında nəticələri elan etməyi yubandırırsa, o, şagirdindən də eyni məsuliyyətsizliyi gec-tez görəcəkdir.
11. Sosial şəbəkələrdəki mövqeyini tənzimləmək; 21-ci əsrin tələblərindən biri kimi virtual sosiallaşma təhsil işçilərindən də yan keçməmişdir. Müəllimlərin bir çoxu sosial şəbəkələrin aktiv istifadəçisi olduğu üçün, onların “sosial şəbəkə nüfuzu”da əhəmiyyət kəsb etməyə başlamışdır. İstənilən halda, virtual cəmiyyət içində olsa belə, istənilən müəllim öz peşəsinin nüfuzuna xələl gətirə biləcək fikirlər paylaşmamağa, şərhlər yazmamağa diqqət yetirməlidir. Öz fikirlərini qarşı tərəfin şəxsi ünvanına göndərərək bildirmək daha düzgün olardı. Döstluğuna öz şagirdlərini, valideynləri qəbul etmiş müəllim xüsusi ilə netiket qaydalarına əməl etməli, şəxsi ilə nümunə olduğunu unutmamalıdır.
12. Сəlb etmək; təhsil sisteminin xüsusiyyətlərini dərk etmiş müəllim, öz şagirdlərini dərsə cəlb etmək, maraq oyatmaq üçün rəngarəng resursların necə əldə olunmasını bilir. Rəqəmsal əsrdə şagirdlərin diqqətini cəlb edəcək resursların axtarılması və işlədilməsi çox vacibdir. Bu, o deməkdir ki, müəllimi daim yeni təlim texnologiyalarını izləməli, digər müəllim həmkarlarının e-resurslarından faydalanmalı və fikir mübadiləsi etməlidir. Əks-təqdirdə, monoton dərs prosesi şagird üçün cansıxıcı olacaqdır.
13. Tenologiyaları mənimsəmə; təhsil sahəsində təklif  olunan texnoloği alətlər və yeniliklər durmadan təkmilləşir. Son  beş ilə nəzər salsaq, Mimiotech lövhəsi, Promethean lövhəsi, Labdisk-phyusio rəqəmsal laboratoriya avadanlığı, Dyumo-phyusio aləti, Phywe-laboratoriya avadanlıqları kimi yeniliklərin ölkəmizin məktəblərində sevilərək istifadə olunduğunun şahidi olarıq. Müasir müəllim digər məktəblərdəki müəllimlərlə həmkarlıq edərək,bəzi mobil qurğuların imkanlarından birgə istifadə edə bilir. Texnologiyaları öyrənmə və vərdiş etmə müəllimdən müəyyən müddət və zəhmət tələb etsə də, şagirdlərin nəticələrinə müsbət təsir edir.
14. Dincəlmək; hər bir müəllim iş, sosial şəbəkəyə ayrılan vaxt  və dincəlmək üçün vaxtlarını düzgün tənzimləməlidir. Bəzən təcrübəsiz müəllim internetdə onun gündəlik həyatında faydalı olmayacaq məlumatlara gərəksiz vaxt ayırır və yanlış olaraq işdən yorulduğunu düşünür. Dərs prosesi ərzində də müəllim, dərsin mərhələləri arasında şagirdlərin refleksiyasına diqqət yetirməlidir. Eyni zamanda, şagirdlərinə vaxtını düzgün bölməyi,öyrənmə və istirahəti düzgün tənzimləməyi izah etməlidir.
15. İmkanlarını genişləndirmək; şagirdlərini ruhlandırmaq, imkanlar yaratmaq, həvalə etmək, şərait yaratmaq müəllimin peşə borcudur. Müasir müəllimin tətbiq etdiyi təlim texnologiyaları şagirdə tənqidi düşünmə, yaradıcı yanaşma, çevik uyğunlaşma və s. kimi imkanlar verir. Bu isə şagirdlərdə problemi həlletmə,özünü idarəetmə və liderlik kimi vərdişlərin formalaşmasına təkan verir. Beləliklə, səriştəli və müasir müəllim şagirdində nəinki məktəbdə, gələcək həyatında uğurlar qazanmaq üçün vərdişlər yaratmış olur.
          
Layihə  əsaslı  öyrənmə
     Bütün inkişaf etmiş dünya ölkələrinin təhsil sitemində əsaslı yer tutan və özünü doğruldan layihə əsaslı öyrənmə metodu bir mövzu ətrafında mövzuları şaxələndirməyə, dünyagörüşünü və məlumatlılıq səviyyəsini yüksəltməyə, təqdimetmə bacarıqlarını inkişaf etdirməyə zəmin yaradır. Ətraflı  https://goo.gl/s4KaHp linkə keçid edərək məlumat alın.
Əlavə oxu üçün mənbələr:



STEM əsaslı dərs resursları
“Uçan kəpənək”
Sinif: 4-6
Əsas məqsəd: statik elektriklənməni  praktik nümayiş etdirmək
İnteqrasiya:  fizika, həyat bilgisi, kimya, ekologiya, texnologiya
Ləvazimatlar: qalın karton, karton kağız, qalın rəngli salfet kağızı, karandaş, xətkeş, qayçı, şar, ip, karandaş-yapşıqan
Dərsin gedişində:
 Modelin hazırlanış qaydası üçün şəkillərə baxın : https://sharalike.com/s/qRC4
1. Qalın kartondan dördbucaqlı kəsilir
Şagirdlər (1)-i icra edən zaman, paralel olaraq müəllim şagirdlərin işinə nəzarət edir və riyaziyyatla, ekologiya ilə inteqrasiya edir (suallar bütün sinifə, qrupa və ya  fərdi olaraq verilə bilər).
İnteqrasia mövzuları:
-dəqiq ölçmələrin aparılmasının əhəmiyyəti barədə,
-xətkeş-ölçü alətidir,
-dördbucağın xüsusiyyətləri və sahəsi,
- karton dövriyə kağızlardan əldə olunan məhsuldur.
2. a) Rəngli salfet kağızın üzərinə simmetrik kəpənək çəkilir və kəsilir.
   b) rəngli karton kağızda kəpənəyin gövdəsi çəkilir və kəsilir.
   c) kəpənəyə karandaşla (və ya xırda bəzəklərlə) göz və bığcıq çəkilir
   d) Kartona əvvəl salfet- kəpənəyin gövdə hissəsi yapışdırılır. Sonra salfet kəpənəyin   mərkəzinə karton kağızdan hazırlanan kəpənəyin gövdə hissəsi yapşıdırılır.
Şagirdlər (2)-ni icra edən zaman, paralel olaraq müəllim şagirdlərin işinə nəzarət edir və müəyyən inteqrasiyaları davam etdirir (suallar bütün sinifə, qrupa və ya  fərdi olaraq verilə bilər):
İnteqrasiya mövzularına davam olaraq:
-Təhlükəsizlik, ehtiyat tədbirləri ( qayşı və yapşıqandan istifadə ilə bağlı) barədə
-qənaət anlayışı ( istifadə etdikləri salfet, kartondan qənaətli istifadə) barədə
-simmetriya anlayışı (kəsilən fiqurların simmetrikliyinə diqqət edilməli)
-“Simmetriya gözəllikdir” fikrinə münasibətlərin soruşulması.

3. a)Şar hava ilə doldurulur
  b)şagirdlər şarı saçlarına sürtürlər
 c) şarı kəpənək modelinə üst hissədən yaxınlaşdırıb, uzaqlaşdırırlar və nə baş verdiyini müşahidə    edirlər.

Qeyd: şagirdlər bu mərhələni icra edərkən müəllim səssiz olur. Şagirdlər öz sevinc və təəccüblərini bir-biri ilə paylaşırlar. Şagirdlər  təbii olaraq, öz aralarında müşahidə etdikləri barədə müzakirə aparmağa başlayırlar.
STEM təlim texnologiyasının (metodunun) üstünlüyü motivasiyanı sözlərlə, şəkil və ya  videonümayişlə və s. üsullarla deyil, məhz yaradıcı tətbiqetmə ilə başlanmasıdır. Yəni, “uçan kəpənək” modelini quran və hərəkət etdirməyi bacaran şagirdi, mütləq bunun səbəbləri də maraqlandıracaqdır.
4. a) Müəllim sinifdən soruşur: maraqlıdır, nə üçün kəpənəyin qanadları hərəkət etdi?
  b) Şagirdlərə öz fikirlərini bildirməyə şərait yaradın
  c) Deyilən fikirləri ümumiləşdirib nəticə çıxardın:
Şarı saçlarımıza sürtən zaman saçlarımız elektonlarını itirir, şar isə bu elektonları qəbul edir. Yəni, şar  mənfi yüklə elektiklənir.Mənfi yüklənmiş şar müsbət yüklü salfet-kəpənəyə yaxınlaşdırıldıqda, onlar bir-birinə tərəf cəzb olunurlar. Bu cazibə o qədər çoxdur ki, yüngül olan salfet–kəpənəyin qanadları şara doğru cəzb olunaraq hərəkət edir.
Aydındır ki, müəllim sinifin yaş xüsusiyyətlərini və qavrama səviyyəsini nəzərə alaraq izahını sadələşdirə və ya əksinə əlavələr edə bilər.
Ev tapşırığı: şagirdlər elektriklənmə mövzusu ətrafında klaster formalı kiçik layihə modeli hazırlasınlar

“Nəfəsalma maşını”
Sinif: 5-7
Əsas məqsəd: insanın nəfəsalma prosesinin nümayişi
İnteqrasiya: biologiya, kimya, fizika, riyaziyyat, həyat bilgisi,ekologiya
Ləvazimatlar: 1ədəd litrlik rəngsiz plastik butulka, 2 ədəd qırmızı ( və ya çəhrayı) kiçik ölçülü şar, 1ədəd mavi orta ölçülü şar, yağışqanlı lentlər (qırçızı, mavi və rəngsiz olmaqla), 3 ədəd şirə çöpü, rəngli karton kağız, yapşıqan, qayçı.
Dərsin gedişində:
Modelin hazırlanış qaydası üçün şəkillərə baxın : https://sharalike.com/s/qRC2
1.a) plastik butulkanın  oturacaq hissəsi kəsilərək çıxarılır  
 b)1 şirə çöpünün ucu 4 yerə uzununa kəsilərək haçalandırılır
c) digər 2 şirə çöplərinin ¼ hissəsi kəsilərək qısaldılır
d) qırmızı şarların başlıq hissələri kəsilir və qısaldılmış şirə çöplərinə qırmızı yapışqanlı lent vasitəsilə bərkildilir
e) qırmızı şarlara birləşdirilən qısa çöplərlə uzun haçalandırılmiş çöp , üzərində dəlik açılmaqla əlaqələndirilir. Möhkəmlik üçün rəngsiz yapşıqanlı lentlə birləşdirilir
İnteqrasiya mövzuları:  şagirdlər (1)-i icra edən zaman müəllim daim onlara nəzarət edir və paralel olaraq müəyyən mövzulara inteqrasiyaedici haşiyələr edir (suallar bütün sinifə, qrupa və ya  fərdi olaraq verilə bilər):
-plastik butulka istifadə edildikdən sonra təkrar qida saxlama məqsədli istifadə edilə bilərmi
-təkrar dövriyyəsi mümkün olan əşyalar hansılardır
-torpağın plastik tullantılarla çirklənməməsi üçün nələr etmək olar və s.
2. a) Plastik butulkanın qapağını qayçı vasitəsilə şirə çöpünün keçə biləcəyi qədər dəlin
   b) hazırladığınız çöp-qırmızı şar birləşməsin plastik butulkanın kəsilmiş hissəsindən keçirin.Sonra, çöp-qırmızı şar birləşməsininin haçalanmış ucunu ehtiyyatla  qapğın dəliyindən keçirin  və qapağı fırladaraq bağlayın. Möhkəmlik üçün haçalanmış çöp üclarını səliqə ilə qapağa yapışqanlı lent vasitəsilə bərkidin.
  c) mavi şarın aşağı-dairəvi hissəsini qayşı vasitəsilə kəsin və plastik butulkanın aşağı-kəsilmiş açıq hissəsinə keçirdin, yapışqanlı lent vasitəsilə bərkidin. Mavi şarın uc hissəsinə möhkəm düyün vurun
 d) hazırlanmış  sistemi sınaqdan keçirin: mavi şarın düyün vurulmuş hissəsini aşağıya dartın. Bu zaman qırmızı şarlar hava ilə dolaraq şişirsə, sistem düzgün qurulmuşdur
İnteqrasiya mövzuları:  şagirdlər (2)-ni icra edən zaman müəllim daim onlara nəzarət edir və paralel olaraq, müəyyən inteqrasiyaedici haşiyələr edir (suallar bütün sinifə, qrupa və ya  fərdi olaraq verilə bilər):
-İnsanın normal şəraitdə yaşaması üçün hansı təbii ehtiyaclarının olması
-Ətraf mühitin, havanın təmizliyinin insan əhval –ruhiyyəsinə təsiri
-Havanı çirklədən faktorlar nələr ola bilər
- təmiz havanın kimyəvi tərkibi necə olmalıdır
-ağciyərlərimiz, nəfəsalma üçün  üçün çirkli və ya  təmiz havanın  olmasının nə kimi fərqi var və s.
3. a)  Rəngli karton kağızda göstərilən formada  karandaşla adam təsviri çəkilir və qayçı ilə səliqəli şəkildə kəsilir.
   b)kəsilmiş adam forması plastik butulkanın çevrəsi boyunca yapışqan vasitəsilə yapışdırılır
 Qeyd: şagirdlər “nəfəsalma maşınını” sınadığı zaman müəllim səssiz olur. Şagirdlər öz sevinc və təəccüblərini bir-biri ilə paylaşırlar. Şagirdlər  təbii olaraq, öz aralarında müşahidə etdikləri barədə müzakirə aparmağa başlayırlar.
4. a) Müəllim sinifdən soruşur: maraqlıdır, hazırladığınız “nəfəsalma maşını” necə işlədi?
  b) Şagirdlərə öz fikirlərini bildirməyə şərait yaradın
  c) Deyilən fikirləri ümumiləşdirib nəticə çıxardın:
Siz butulkanın aşağı hissəsinə bərkidilmiş mavi şarı aşağı çəkən zaman bu, butulkanın həcminin artmasına səbəb olur.Bu isə butulkanın daxilində və xaricində atmosfer təzyiqinin fərqli olmasına səbəb olur. Beləliklə, təzyiq fərqi hesabına xaricdən butulkanın daxilinə şirə çöpü( “nəfəs borusu”) vasitəsilə dolan hava qırmızı şarları (“ağciyərləri”) şişirdir və əksinə.
Aydındır ki, müəllim sinifin yaş xüsusiyyətlərini və qavrama səviyyəsini nəzərə alaraq izahını sadələşdirə və ya əksinə əlavələr ( tənəffüs orqanları, diafraqma,rentgen vasitəsilə müayinə, hava-damcı yolu ilə keçən xəstəliklər və s.) edə bilər.
Ev tapşırığı: “Müxtəlif  vəziyyətlərdə düzgün nəfəsalma texnikaları” barədə kiçik maarifləndirici layihə modeli hazırlamaq.



      “Sürücüsüz avtomobil”

Sinif: 5-7
Əsas məqsəd: mexaniki hərəkət, mexaniki enerji, ekologiya dostu qurğular anlayışını praktik nümayiş etdirmək
İnteqrasiya:  fizika, ekologiya, texnologiya, həyat bilgisi
Ləvazimatlar: 2 ədəd uzun karandaş (və ya bənzər taxta çubuq) , 2 ədəd  dondurma taxtası, 1 ədəd uzun plastik rezin, 1ədəd dəmir dəftərxana sancağı, 4 ədəd oyuncaq avtomobil təkəri (və ya plastik butulka qapağı), 2ədəd çöp şiş, silikon yapışdırıcı.
Dərsin gedişində:
 1. Modelin hazırlanış qaydası üçün şəkillərə baxın : https://goo.gl/YMYPSu
 a) Ləvazimatlardan şəkildəki formada avtomobil gövdəsi yığılır. Hissələrin birləşdirilməsi silikon    yapışdırıcı vasitəsilə hazırlanır
b) plastik rezin şəkildə göstərildiyi kimi dəmir sancaq vasitəsilə maketə uzununa bərkidilir
c) avtomobil gövdəsi maketinin üst hissəsini şagirdlər öz istəklərinə uyğun müxtəlif rəng və modeldə quraşdıra bilər (rəngli qalın karton və yapışdırıcıdan istifadə etməklə).
İnteqrasiya mövzuları:  şagirdlər (1)-i icra edən zaman müəllim daim onlara nəzarət edir və paralel olaraq, müəyyən inteqrasiyaedici haşiyələr edir (suallar bütün sinifə, qrupa və ya  fərdi olaraq verilə bilər):
-avtomobil və ya velosiped nəqliyyat növü kimi hansı xüsusiyyətlərə malikdır
-sağlam həyat tərzi üçün velosipedin nə kimi faydaları ola bilər
-mexaniki hərəkət, mexaniki enerji anlayışları
-alternativ enerji mənbələri
-tullantı qazlar və ətraf mühitə göstərdiyi təsir və s.
2. Hazır olan avtomobil maketinin arxa təkərlərini 10-15 dəfə geriyə fırladın və döşəməyə qoyaraq, əlinizi təkərlərdən çəkin.
 Qeyd: şagirdlər  hazırladıqları “ sürücüsüz avtomobili” sınadığı və yarışdırdıqları zaman müəllim səssiz olur. Şagirdlər öz sevinc və təəccüblərini bir-biri ilə paylaşırlar. Şagirdlər  təbii olaraq, öz aralarında müşahidə etdikləri barədə müzakirə aparmağa başlayırlar.
4. a) Müəllim sinifdən soruşur: maraqlıdır, quraşdırdığınız  “sürücüsüz  avtomobil” necə hərəkət etdi?
  b) Şagirdlərə öz fikirlərini bildirməyə şərait yaradın  
  c) Deyilən fikirləri ümumiləşdirib nəticə çıxardın:
Siz simmetrik quruluşlu sadə, mexaniki avtomobil modeli hazırladınız. Avtomobilin ön və arxa təkərlərini əlaqələndirən taxta oxu plastik rezinlə birləşdirdiniz. Arxa təkərləri 10-15 dəfə arxaya tərəfə fırladaraq, maşını döşəmədə hərəkət etdirməyə nail oldunuz. Plastik rezinin təkərləri birləşdirən oxa fırlandıqca, öz elastikliyi hesabına potensial enerji toplayır. Və nəticədə, döşəməyə qoyulan avtomobil potensial enerjisinin hesabına hərəkətə gəlir. Plastik rezinin dolağı açıldıqca, potensial enerji azalır və sonda avtomobil dayanır.
Aydındır ki, müəllim sinifin yaş xüsusiyyətlərini və qavrama səviyyəsini nəzərə alaraq izahını sadələşdirə və ya əksinə əlavələr edə bilər.
Ev tapşırığı: “Avtomobilsiz həyat” barədə kiçik maarifləndirici layihə modeli hazırlamaq
                    


“Kristal yetişdirmə”
Sinif: 7-8
Əsas məqsəd: kristal əmələgəlmə prosesini müşahidə etmək
İnteqrasiya:  kimya, fizika, biologiya, ekologiya, həyat bilgisi
Ləvazimatlar: orta ölçülü şüşə banka, qaynar su, boraks tozu, qaşıq, qalın sap, taxta çubuq, rezin əlcək.
Dərsin gedişində:
Modelin hazırlanış qaydası üçün şəkillərə baxın : https://goo.gl/cMHjFa
a) Qalın sapdan kiçik ölçülü müxtəlif fiqurlar hazırlanır (toxumaqlada hazırlamaq olar)
 b) fiqurların bankadan asılı qala bilməsi üçün asqı yeri düzəldilir
 c) ip fiqurlar içində qaynar hazır məhlul olan bankaya salınır
İnteqrasiya mövzuları:  şagirdlər (1)-i icra edən zaman müəllim daim onlara nəzarət edir və paralel olaraq, müəyyən inteqrasiyaedici haşiyələr edir (suallar bütün sinifə, qrupa və ya  fərdi olaraq verilə bilər):
-Maddənin aqreqat halları və xüsusiyyətləri
-Məhlul, məhlulun sıxlığı, məişətimizdə məhlullar
- Qarəmələgəlmə, buz-kristallaşma və s.
2. a) Ələ tibbi əlcək geyinilir. Məhlulun hazırlanması üçün:
1stəkan (200ml) qaynar su və  1/3 stəkan boraks tozu bankaya əlavə olunur, qaşıqla qarışdırılır. Müxtəlif fiqurlar üçün qida boyası ilə məhlulu rəngləmək olar.
Qeyd:müxtəlif allergiyaları olan şagirdlər bu prosesdə iştirak etmirlər.
b) Şagirdlər öz adlarını bankaların üzərinə qeyd edirlər. Bu proses 8-12 saat çəkən proses olduğu üçün şagirdlər nəticələri növbəti gün müşahidə edəcəklər. Bu səbəbdən, müəllim müzakirə , ümumilədirmə və nəticəni növbəti dərsdə edə bilər.
Qarşıdan gələn yeni il bayramı münasibəti ilə,  küknar  ağacı modeli, ulduz , dairə və s fiqurları kristallaşdırmaqla “kristal-kimyəvi yenil ağacı” hazırlana bilər.
                                                          
          VACİB  QEYD:
“STEM Azərbaycanda” layihəsində istifadə olunan bütün materiallar “Müəllif Hüquqları Dövlət Agentliyi” tərəfindən qeydiyyatdan keçirilir. Bu səbəbdən, müəllif hüquqlarına və zəhmətinə hörmət edərək, materiallardan istifadə edilərkən mütləq müəllifin adını: Aliyə Əhmədova və materialın onlayn linkini mənbə olaraq göstərməyi diqqətdə saxlayın.
“STEM Azərbaycanda” layihəsindəki yazılara görə Azərbaycan Respublikası Təhsil Nazirliyi heç bir məsuliyyət daşımır!


Комментариев нет:

Отправить комментарий